+(99412) 498 76 54 aze | eng | rus

Bakıda V Beynəlxalq Kulinariya bayramı keçirildi

20 oktyabr 2011

Oktyabrın 20-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Milli Kulinariya Mərkəzinin (MKM) təşkilatçılığı ilə V Beynəlxalq kulinariya bayramı keçirilib.

Bayram çərçivəsində kulinariya incəsənəti nümunələri, milli kulinariya komandasının üzvlərinin işlərindən ibarət sərgi, eyni zamanda kulinariya incəsənəti və qida sərgisi təşkil edilib.

MKM-in icraçı direktoru Nailə Mürsəlova artıq dünyada səkkizinci, ölkəmizdə isə beşinci dəfə qeyd olunan bayramın əhəmiyyətindən danışmışdır. O, MKM-in baş direktoru Tahir Əmiraslanovun rəhbərliyi ilə bir qrup kulinarımızın hazırda qardaş Türkiyədə keçirilən Beynəlxalq kulinariya bayramında iştirak etdiyini bildirib.

N.Mürsəlova MKM-in 2010-cu il və 2011-ci ilin altı ayı ərzində qazandığı uğurlara dair hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilib ki, xarici və ölkədaxili çempionatlarda kulinarlarımız həmişə yüksək nəticələr göstəriblər.

İndiyədək Bakıda keçirilmiş festivallarda və bayramlarda Fransa, Rusiya, İtaliya, Yunanıstan və digər ölkələrdən gəlmiş qonaqlar kulinarlarımızın əl işləri ilə tanış olublar. Bu bayramlar Azərbaycan xörəklərinin dünyada tanıdılması və digər xalqların milli mətbəximizə marağının artmasına şərait yaradıblar.

Tədbirin sonunda Azərbaycanı ayrı-ayrı ölkələrdə təmsil edən kulinarlara fəxri diplomlar təqdim olunub. /AzərTac/